CƏMİYYƏT
Quş qripi ilə əlaqədar epizootoloji monitorinqlər keçiriləcək
Bakı, 6 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi, Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə noyabrın 12-dən 16-dək xəstəliyə qarşı epizootoloji monitorinqlər keçirəcək.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, monitorinqlər çöl quşları arasında Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarını əhatə edəcək.
Həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı həyətyanı təsərrüfatlarda seroloji monitorinqlərin keçirilməsi də nəzərdə tutulub.