Qusar şəhərində 18 küçə asfaltlanır
Qusar, 5 sentyabr, AZƏRTAC
Qusar şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Asəf Mehman, Aşıq Nüsrət, Nəsimi, Kərim Kərimov və Müslüm Murtuzayev küçələrində asfaltlanma işləri artıq başa çatdırılıb. Rayon İcra Hakimiyyətindən bildirilib ki, aparılan əsaslı təmir işləri nəticəsində yolların hərəkət hissəsi genişləndirilir, küçələr daha səliqəli və abad görkəm alır. Görülən işlərin yüksək keyfiyyətlə və müasir tələblərə uyğun aparılması sakinlərin rahat və təhlükəsiz hərəkətinə, eləcə də şəhərin ümumi görünüşünün yaxşılaşdırılmasına xidmət edir.
Asəf Mehman küçəsində 2 200, Aşıq Nüsrət küçəsində 6 300, Kərim Kərimov küçəsində 3 720, Müslüm Murtuzayev küçəsində isə 6 600 kvadratmetr yeni asfalt örtüyü salınıb.
Cari il ərzində Qusar şəhərinin 18 küçəsində əsaslı təmir işlərinin aparılması və yolların asfaltlanması nəzərdə tutulub.
Müxbir – Elxan Yusifli