REGİONLAR
Qusarda Milli Qəhrəman Fəxrəddin Musayevin xatirəsi anılıb
Qusar, 21 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 21-də Qusarda Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musayevin xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, Qusar Tarix-Diyarşünaslıq Muzeyində keçirilən anım mərasimində qəhrəmanın ailə üzvləri, rayon icra strukturlarının nümayəndələri, Qarabağ müharibəsi əlilləri, veteranlar və ziyalılar iştirak ediblər.
Muzeyin direktoru Xatirə Nağıbəyova çıxışında qusarlıların Vətən torpaqları uğrunda döyüşlərdə göstərdiyi şücaətdən söz açıb. Bildirilib ki, 1990-cı illərdə Fəxrəddin Musayevin qoyduğu ənənə bu gün də həmyerliləri tərəfindən davam etdirilir. 2016-cı il dekabr ayında Azərbaycan Ordusunun əsgəri Çingiz Qurbanovun Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə göstərdiyi qəhrəmanlıq buna bariz nümunədir. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova da ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qusarlılar Fəxrəddin Musayev, Çingiz Qurbanov kimi qəhrəman oğulları ilə fəxr edir, onların xatirəsini daim əziz tuturlar.
Daha sonra çıxış edən muzeyin baş fond mühafizi Ramella Əliyarova Fəxrəddin Musayevin şərəfli ömür yolu haqqında məlumat verib. Əslən Qusar rayonunun Gican kəndindən olan Fəxrəddin 1957-ci il iyulun 30-da dünyaya göz açıb. 1975-ci ildə hərbi xidmətə yollanıb. Əvvəlcə keçmiş Çexoslovakiya Respublikasında, sonra isə Rusiyanın Orenburq vilayətində qulluq edib. Azərbaycanın Milli Ordusu yarandıqdan sonra Vətənə qayıdaraq Qarabağda gedən hərbi əməliyyatlara qoşulub. Sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etməklə döyüş yoldaşları arasında böyük şöhrət qazanıb.
Baş leytenant Fəxrəddin Musayev 1992-ci il aprelin 11-də Füzuli rayonunda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub. İgid döyüşçü Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyun tarixli Fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qusar rayonunun mərkəzi küçələrindən biri onun adını daşıyır, vaxtilə yaşadığı binanın önünə barelyefi vurulub.
Mərasimdə çıxış edənlər dövlətimizin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan, ümummilli lider Heydər Əliyevin hərbi sahənin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Bildirilib ki, bu gün Azərbaycanın çox güclü, ən müasir silahlarla təmin olunan ordusu var. Bu ordu işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hər an hazırdır.
Sonda Milli Qəhrəman Fəxrəddin Musayevə həsr edilən bədii kompozisiya nümayiş olunub.