DÜNYA
Qvatemalada “Fueqo” vulkanı yenidən aktivləşib
Bakı, 19 noyabr, AZƏRTAC
Qvatemalada “Fueqo” vulkanı yenidən aktivləşib. Vulkana yaxın ərazilərdə yaşayan insanlar təxliyə olunur.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Qvatemalanın Milli seysmologiya, vulkanologiya, meteorologiya və hidrologiya institutunun məlumatına görə, vulkanının püskürməsi davam edir. Əldə olan məlumatlar partlayışların artdığını göstərir. Vulkan külü dəniz səviyyəsindən 5 min metr hündürlüyə qalxır.
Təbii fəlakətlərin nəticələrinin azaldılması xidməti (CONRED) vulkanın aktivləşməsi səbəbindən qırmızı təhlükə səviyyəsi elan edib və Eskuintla, Çimaltenaqo və Sakatepekes departamentlərində əhalini təxliyə etməyə çağırıb. CONRED, həmçinin vulkanın aktivliyinin monitorinqini apardığını və mütəmadi olaraq yeli hakimiyyət orqanları ilə əlaqə saxladığını vurğulayıb.
Xatırladaq ki, iyunun 3-də “Fueqo” vulkanının püskürməsi nəticəsində Qvatemalada 160-dan çox insan həlak olmuşdu.