MƏDƏNİYYƏT
“Rabitə dünyası” qəzetinin Ümummilli Liderin 90 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı nəşr olunmuşdur
Bakı, 10 may (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi mətbu orqanı olan “Rabitə dünyası” qəzetinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə xüsusi buraxılışı nəşr olunmuşdur.
AZƏRTAC xəbər verir ki, xüsusi buraxılışda ulu öndərin ölkəmizin inkişafı naminə gördüyü işlərdən, rabitə infrastrukturunun yaradılması istiqamətində həyata keçirdiyi siyasətdən, ölkədə informasiya cəmiyyətinin məhz ulu öndər tərəfindən əsasının qoyulmasından geniş bəhs edilmişdir.
Qəzetdə dünyanın tanınmış siyasi xadimlərinin ulu öndər haqda düşüncələri, Azərbaycan Prezidenti İlham Əliyevin ümummilli lider haqda fikir və xatirələri, Heydər Əliyev Fondunun gördüyü işlər geniş yer ayrılmışdır.
Nəşrdə qeyd olunmuşdur ki, ölkəyə ən son texnologiyalara əsaslanan avadanlığın gətirilməsi, Azərbaycanda informasiya texnologiyaları seqmentinin inkişaf etdirilməsi, sektor üzrə yeni şirkətlərin yaradılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir.
Eyni zamanda, nəşrdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun ulu öndərlə bağlı məqaləsi dərc olunmuşdur.