İDMAN
Rabitə işçilərinin “Sağlamlıq-2014” respublika spartakiadasında 18 komanda mübarizə aparır
Oktyabrın 25-də “ABU Arena”da Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin Respublika Şurasının birgə təşkilatçılığı ilə Azərbaycanda rabitənin yaradılmasının 133 illiyinə həsr olunmuş rabitə işçilərinin “Sağlamlıq-2014” respublika spartakiadasının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov və gənclər və idman nazirinin müavinin İsmayıl İsmayılov çıxış edərək ölkəmizdə rabitə sahəsində əldə olunan nailiyyətlərdən, idmançılarımızın beynəlxalq arenada qazandıqları uğurlardan danışıblar.
Natiqlər rabitəçilərin vaxtının səmərəli təşkil olunması üçün spartakiadanın əhəmiyyətini xüsusi vurğulayıblar. Qeyd olunub ki, spartakiada çərçivəsində rabitəçilər bir-biri ilə yaxından tanış olacaq, bu sahənin inkişafına öz töhfələrini verəcəklər. Ölkəmiz gələn il keçiriləcək birinci Avropa Oyunlarına ciddi hazırlaşır. Həmin mötəbər yarışda rabitə xidmətlərinin təşkili çox vacibdir. Buraya optik xətlərin çəkilişi, yarışların peyk vasitəsilə dünyanın istənilən ölkəsinə nümayiş olunması kimi vacib elementlər daxildir.
Çıxışçılar beynəlxalq yarışların təkcə paytaxtda deyil, bölgələrdə də uğurla təşkil olunduğunu diqqətə çatdırıblar. Vurğulanıb ki, hazırda regionlarda gənclərin asudə vaxtının səmərəli təşkil olunması üçün Olimpiya İdman kompleksləri fəaliyyət göstərir. Şəmkir, İsmayıllı, Quba, Mingəçevir və digər şəhərlər dünya səviyyəli idman yarışlarına uğurla ev sahibliyi edir. Bu günlərdə Qəbələdə keçirilən Olimpiya atıcılıq növləri üzrə dünya kuboku yarışlarının final mərhələsi yarışlarını buna misal göstərmək olar. Bu, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu idman siyasətinin nümunəsidir.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra spartakiada açıq elan olunub.
Noyabrın 26-da başa çatacaq spartakiadada 18 komanda 9 idman növü - atletika, voleybol, stolüstü tennis, kəndirdartma, mini futbol, nərd, şahmat, dama və güllə atıcılığı üzrə mübarizə aparacaq.