ELM VƏ TƏHSİL
Radiasiya Problemləri İnstitutunun əməkdaşları Dubnada tədqiqat aparırlar
Bakı, 6 dekabr, AZƏRTAC
Hazırda Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun 8 əməkdaşı Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda tədqiqatlar aparır, 1 əməkdaş Norveçin Oslo Universitetində, 1 əməkdaş isə Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA) təhsil alır.
AZƏRTAC AMEA-nın saytına istinadla xəbər verir ki, bu barədə institutun Elmi şurasının 2022-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş hesabat yığıncağında məlumat verilib. Bildirilib ki, elmi əsərləri dünyanın reytinqli və yüksək indeksli jurnallarında çap olunan 35 yaşlı gənc elmlər doktoru Elçin Hüseynovun və fizika üzrə fəlsəfə doktoru Mətləb Mirzəyevin adı “Elsever” nəşriyyatının 2022-ci il üçün təqdim etdiyi dünyanın ən yaxşı 2% alimlərinin siyahısına daxil edilib.
Hesabatda institutun beynəlxalq əlaqələri və elmi yeniliklərin tətbiqi sahələrinə də toxunulub. Bildirilib ki, Radiasiya Problemləri İnstitutunda cari ildə üç qurğu işlənib ki, onlardan biri 26-29 may tarixlərində Bakı şəhərində keçirilən “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında sərgilənib.
İnstitutda 2-si AEBA, 2-si SOCAR Elm Fondu, 1-i EİF-AzTürk olmaqla 5 qrant layihəsi həyata keçirilir. Bu il institut əməkdaşları “HORIZON 2020” qrantı qazanıblar.
Sözügedən müəssisənin beynəlxalq əlaqələri 2022-ci ildə daha da genişlənib. Çexiyanın Praqa şəhərində yerləşən Texniki Universitetlə əməkdaşlıq müqaviləsi bağlanıb və müqavilə çərçivəsində yeni detektor modulları hazırlanıb.