SİYASƏT
RAGB-in nümayəndələri qurumun sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə növbəti xeyriyyə tədbiri keçirmişlər
Moskva, 20 fevral (AZƏRTAC). Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Lipetsk vilayətindəki bölməsi qurumun sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə növbəti xeyriyyə tədbiri keçirmişdir. RAGB-in nümayəndələri bu dəfə Lipetsk şəhərindəki 2 nömrəli internat-məktəbə getmişlər.
Uşaqlara Heydər Əliyev Fondu adından gözəl hədiyyələr paylanmışdır. RAGB-in üzvləri məktəbin yetirmələri ilə birlikdə mahnı oxumuş, rəqs etmişlər. Sonra uşaqlara oriqami üzrə maraqlı ustad dərsi keçirilmişdir.
Xoşbəxtlik, məhəbbət, sağlamlıq və dostluq rəmzi olan kağız durnanın hazırlanması üzrə ustad dərs böyük müvəffəqiyyətlə keçmişdir. Uşaqlar xüsusi səylə hazırladıqları durnaları dostluq əlaməti olaraq bir-birinə bağışlamışlar.
Səmimi qəbul və gözəl əhval-ruhiyyə heç kəsi biganə qoymamışdır. Uşaqlara can sağlığı və təhsildə müvəffəqiyyətlər arzulayan RAGB-in üzvləri ümidvar olduqlarını bildirmişlər ki, bu il internat-məktəbin yetirmələri üçün uğurlu olacaqdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva