Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK

Əziz bacı və qardaşlar! 

Sizi dünya müsəlmanlarının mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Müqəddəs kitabımız Qurani-Kərimin nazil edildiyi Ramazan ayı islam dininin mənəviyyatı möhkəmləndirmək, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirmək, ilahi hikmətlərdən daha da faydalanmaq işinə xidmət edən mübarək aylarından biridir. Ramazan ayının sınaqlarından ləyaqətlə çıxmış hər bir müsəlman bu gün böyük qürur və fərəh hissi ilə bayram edir.

Öz milli və dini dəyərlərinə, tarixi ənənələrinə həmişə sadiq qalmış Azərbaycan xalqı da bütün dünya müsəlmanları ilə həmrəylik göstərərək müqəddəs Ramazan bayramını böyük təntənə ilə qeyd edir. İnanıram ki, müsəlman bacı və qardaşlarımız sülh, əmin-amanlıq, bərabərlik rəmzi olan Ramazan bayramı günlərində cəmiyyətdə mehribanlıq və qardaşlıq tellərinin möhkəmləndirilməsi yolunda daha böyük əzmkarlıq nümayiş etdirəcəklər.

Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini bu əziz bayram günündə yad edərək, hamısına rəhmət, onların yaxınlarına, bütün xalqımıza səbr diləyirəm.

Ölkəmizdən kənarda yaşayan bütün soydaşlarımıza salamlarımı və bayram təbriklərimi yetirirəm. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, demokratik cəmiyyət quruculuğu və xalqımızın firavan həyata qovuşması yolunda apardığınız işlərdə hamınıza uğurlar arzulayıram!

Bu əziz bayram günündə hər birinizə cansağlığı və xoşbəxtlik diləyirəm.

Ramazan bayramınız mübarək olsun!

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 dekabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin