MƏDƏNİYYƏT
Raymond Bondin “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunda olub
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 23-də ölkəmizdə səfərdə olan Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri Raymond Bondin “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunda olub.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, institutun direktoru Telman Kərimli qonağa ölkəmizdə tarix və mədəniyyət abidələrində aparılan bərpa və konservasiya üzrə layihələrin hazırlanması, bərpa işlərinin yerinə yetirilməsi ilə bağlı geniş məlumat verib. Ölkəmizdə mədəni irsin qorunması, bərpası istiqamətində atılan addımlardan danışıb.
Raymond Bondin səfər müddətində bir sıra tarixi abidələrlə tanış olduğunu deyib. Çıraqqala abidəsi, Mərdəkan və Nardaran qalaları kimi tarixi abidələrin unikal memarlıq üslubu olduğunu vurğulayıb. Xəzər dənizi ətrafı müdafiə qalalarının bir fayl kimi UNESKO-nun Dünya Mədəni İrsi Siyahısına salınmasının vacibliyini qeyd edib.
Tədbirdə Çıraqqala abidəsinin bərpa və konservasiya layihəsi ilə bağlı təqdimat nümayiş olunub. Bərpa və konservasiya işləri ilə bağlı müzakirələr aparılıb, gələcəkdə hər iki dövlətin mütəxəssisləri arasında təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub.
Görüşdə bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, əlaqələrin gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb.