REGİONLAR
Rayon sakinləri kənd təsərrüfatı yarmarkasındakı məhsulların qiymətlərindən razılıq edirlər
Bakı, 22 dekabr (AZƏRTAC). Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində Bakı şəhərinin rayonlarında təşkil olunmuş kənd təsərrüfatı yarmarkalarında qiymətləri və əhalinin marağını öyrənmək üçün üz tutduq Xətai rayonu ərazisində təşkil olunmuş növbəti yarmarkaya.
Piştaxtalarda bazara çıxarılmış məhsullar və qiymətləri əks olunmuş lövhə qoyulmuşdur ki, bu da əhalinin bazara hansı kənd təsərrüfatı məhsullarının çıxarıldığını, onların hansı qiymətə satıldığını əvvəlcədən bilməsinə səbəb olurdu. Həmçinin alıcıların razılığını təmin etmək məqsədi ilə bazarda nəzarət tərəzisi də qoyulmuşdur.
Yarmarkada şəhər sakinlərinə Sabirabad, Gədəbəy, Hacıqabul, Şəki, Samux, Quba, Biləsuvar, Cəlilabad, Xızı, Ağsu, Göyçay və respublikamızın müxtəlif rayonlarından gətirilmiş kənd təsərrüfatı məhsulları təklif olunurdu. Fermerlər yarmarkaya əsasən, ət, süd məhsulları, yumurta, göyərti, mövsümi meyvələr, daha çox bostan bitkiləri, kələm, balqabaq, həmçinin tərəvəz və digər məhsulları satışa çıxarmışlar.
Xızı rayonundan gəlmiş “Giləzi-Broyler” Quşçuluq Fabrikinin nümayəndəsi Ramin Əhmədov AZƏRTAC-a hər cür şəraiti olan yarmarkanın fermerlərə məhsullarını daha rahat satmaları üçün əhəmiyyətli olduğunu demişdir. Bildirmişdir ki, fabrikdən yarmarkaya 20 minə yaxın yumurta gətirilmiş və bunun da 6 mindən çoxu artıq satılmışdır. Yumurtanın birinin qiyməti isə 8-9 qəpik təşkil edir və bazarlardakından ucuzdur.
Paytaxtın Xətai rayonunun sakini Sevil Fərzəliyeva 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar yarmarkaya gəldiyini demişdir. Alıcı bildirmişdir ki, yarmarkada təklif olunan qiymətlər digər bazarlara nisbətən daha ucuzdur, qaneedicidir. Belə yarmarkaların mütəmadi keçirilməsi əhalinin həm ekoloji təmiz, həm ucuz, həm də daha keyfiyyətli və təravətli məhsullar almasına kömək edir.
Yarmarkada qoyun ətinin kiloqramı 5 manat 50 qəpiyə-6 manata, mal əti 4-5 manata, soğan, kələm, balqabaq 25-30 qəpiyə, xiyar 60-70 qəpiyə, kartof, alma, xurma 40-60 qəpiyə, heyva 80 qəpiyə, yumurtanın bir ədədi 8 qəpiyə təklif olunurdu.
Yarmarkada məhsulların sanitar-gigiyenik vəziyyətinə Nəzarət-Toksikologiya Laboratoriyası tərəfindən nəzarət olunurdu.