SİYASƏT
RƏCƏB TAYYİB ƏRDOĞAN: “ERMƏNİSTAN BMT TƏHLÜKƏSİZLİK ŞURASININ QƏTNAMƏLƏRİNƏ ƏSASƏN İŞĞALÇI DÖVLƏTDİR”
Ankara, 16 may (AZƏRTAC). Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Polşadakı Qdansk Universitetində Ermənistanla bağlı sualları cavablandırmışdır. O bildirmişdir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən işğalçı dövlətdir. İşğala son verərsə, sərhədləri açarıq.
Rəcəb Tayyib Ərdoğan daha sonra demişdir: “Türkiyə-Ermənistan münasibətləri heç də birtərəfli deyil. Bu münasibətlərin bağlı olduğu məsələlər vardır. Məsələn, Ermənistanla Azərbaycan arasında mövcud olan problem istər-istəməz bizi də maraqlandıran məsələdir. İstədiyimiz Ermənistanın Dağlıq Qarabağdan çəkilməsidir. Bu qərarı biz verməmişik. BMT Təhlükəsizlik Şurası vermişdir. Ermənistan işğalçı olduğunu qəbul edir. O zaman, işğala son qoy! Dağlıq Qarabağ işğal edildiyi üçün Türkiyənin Ermənistanla sərhədi bağlıdır. Birisi - səbəb, o biri - nəticədir. Bu səbəb aradan qalxsın və sərhədi açaq”.
Türkiyənin Baş naziri onu da xatırlatmışdır ki, Ermənistanda səfalət üzündən 40 min erməni qanunsuz olaraq Türkiyədə işləyir. Biz istədiyimiz zaman onları geri göndərə bilərik. Amma, insani səbəblərdən bunu etmirik.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara