DÜNYA
Rəcəb Tayyib Ərdoğan “Türkiyə və Avropa İttifaqı üçün ortaq gələcək” adlı Beynəlxalq simpoziumda ölkəsinin quruma üzvlüyünün əngəllənməsini sərt şəkildə tənqid etmişdir
Bakı, 8 iyun (AZƏRTAC). Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan “Qlobal problemlər qarşısında Türkiyə və Avropa İttifaqı üçün ortaq gələcək” mövzusunda keçirilən Beynəlxalq simpoziumda ölkəsinin quruma üzvlüyü yolunda süni maneələr yaradılmasını sərt şəkildə tənqid etmişdir.
AZƏRTAC “TRT Haber” telekanalına istinadən xəbər verir ki, Baş nazir simpoziumdakı çıxışında Türkiyənin demokratik dəyərlər baxımından bir çox Aİ üzvlərindən irəlidə olduğunu söyləyərək, bu ölkələrdə etnik və dini ayrı-seçkiliyin hökm sürdüyünü vurğulamışdır. Ərdoğan xatırlatmışdır ki, Türkiyə Aİ-yə üzvlük prosesini 1959-cu ildə başlatmışdır və 1963-cü ildə bununla bağlı ilk razılaşma əldə olunmuşdur. O vaxtdan yarım əsr keçməsinə baxmayaraq, yaradılan süni maneələr səbəbindən məsələnin hələ də həllini tapmadığını deyən Baş nazir Avropa İttifaqının buna aydınlıq gətirməsini istəmiş və qurumun bir səmimiyyət testi ilə qarşı-qarşıya qaldığını qeyd etmişdir.
Türkiyənin cumhuriyyət tarixində Avropa standartlarına ən yaxın dönəmdə olduğunu diqqətə çatdıran Baş nazir demişdır: Türkiyəni sıralarına qəbul etməklə Aİ heç nə itirməz, əksinə qazanar.
Aİ ölkələri tərəfindən tətbiq edilən viza rejiminin Türkiyədən çox Avropaya zərər vurduğunu deyən Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını bu lüzumsuz maneəni aradan qaldırmağa çağırmışdır.