REGİONLAR
Regionlarda ekoloji tarazlığın bərpası və ekoloji mühitin sağlamlaşdırılması məqsədilə marafon keçirilir
Bakı, 14 aprel, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisi Ağcabədi Rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsi ilə birgə “Təbiəti görmək istədiyimiz kimi qoruyaq!” adlı ekoloji marafona start verib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, marafonun keçirilməsində əsas məqsəd ekoloji tarazlığın bərpasına və ekoloji mühitin sağlamlaşdırılmasına töhfə vermək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.
İki gün davam edən aksiya çərçivəsində 80-dən çox quş yuvası düzəldilərək, rayonun mərkəzi Heydər Əliyev prospektindəki müxtəlif dirəklərə asılıb.
Marafon çərçivəsində gənclər üçün təcrübəli ekspertlər tərəfindən "Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları" haqqında məruzələr edilib, ekoloji təfəkkürün formalaşdırılmasına yönəlmiş maarifləndirmə sessiyaları keçirilib.
Qeyd edək ki, marafon Gənclər üçün Təhsil Mərkəzinin digər ofisləri vasitəsilə Gəncə, Mingəçevir, Quba və digər regionlarda da həyata keçiriləcək.