İQTİSADİYYAT
Regionu dəyişən tarixi sənəd
Bakı, 13 mart, AZƏRTAC
Ermənistanla sərhəddən 5 kilometr aralıda İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun Naxçıvanla əlaqəsini nəzərdə tutan dəhlizin qurulması barədə Azərbaycan və İran arasında imzalanan sənəd regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı söyləyib.
Onun sözlərinə görə bu sənəd aşağıdakıları göstərir: “Azərbaycan regionda əsas oyunçudur, oyun qurucudur; Azərbaycan Naxçıvanla əlaqənin qurulmasında Ermənistana ehtiyac duymur və onun şıltaqlığına dözən deyil; Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan Zəngəzur dəhlizi reallaşsa belə, İran ərazisindən keçəcək yolun işə düşməsi Rusiya və Ermənistan tərəfindən bəzi şəraitlərdə Azərbaycana siyasi təzyiq etmək imkanlarını aşağı salacaq və ya heçə endirəcək; bu yol Türkiyə və İranı da bir-birinə sıx bağlayacaq; Azərbaycan və onun ayrılmaz bir parçası olan Naxçıvan dünyanın vacib nəqliyyat-kommunikasiya mərkəzinə çevriləcək, ölkəmizin beynəlxalq mövqeləri güclənəcək, gəlirləri artacaq, əhalinin həyat şəraiti daha da yaxşılaşacaq; Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu ilə yanaşı bu yolla da Avropaya və Fars körfəzinə, Türkiyə isə türk dünyasına, Fars körfəzinə və sıx iqtisadi əlaqələrinin olduğu Rusiyaya çıxış imkanı əldə edəcək; bu yol sanksiyalarla üzləşən İrana da nəfəs almağa imkan verəcək, Rusiya ilə dəmiryolu əlaqəsi qurulacaq; əgər Ermənistan Zəngəzur dəhlizinin reallaşdırılmasına imkan verməsə, bir müddət sonra Laçın dəhlizi də olmayacaq; Ermənistanın İran ilə yaxınlaşmaq niyyətləri suya düşür; Ermənistan Azərbaycanın təklifləri ilə razılaşmasa, düşdüyü qaranlıq quyudan çıxa bilməyəcək”.
Musa Qasımlı qeyd edib ki, Ermənistanın xilası Avropa Parlamentinin Azərbaycan tərəfindən artıq cırılıb zibil qutusuna atılmış saxta qətnaməsi və digər sənədlərdən deyil, Azərbaycan və Türkiyə ilə normal qonşular kimi yola getməkdən və əməkdaşlıqdan keçir.
“Nəhayət və ən başlıcası, bu sənədin imzalanması göstərdi ki, əsas ölkənin ərazisinin həcminin böyüklüyü və əhalisinin sayının çoxluğu deyil, ona rəhbərlik edən şəxsin uzaqgörənliyi, müdrikliyi və strateji hədəflərinə səbirlə, addım-addım irəliləməsidir. Azərbaycan Prezidenti İlham Əliyev bunu etməklə millətimizə qürur hissi yaşadır”, - deyə deputat vurğulayıb.