CƏMİYYƏT
Rəhman Hacıyev: Füzulidə 21 hektar ərazidə park yaradılacaq
Bakı, 14 iyun, AZƏRTAC
Qarabağ Dirçəliş Fondunun yaradılmasında məqsəd işğaldan azad olunmuş ərazilərdə görülən işlərə dəstək verməkdir. Biz, eyni zamanda, ermənilər tərəfindən dağıdılan ərazilərə dəyən zərərin həcmini də hesablayırıq.
AZƏRTAC xəbər verir ki, bu fikriləri ADA Universitetində təşkil olunan “Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf” mövzusunda dəyirmi masada Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev söyləyib.
Rəhman Hacıyev işğaldan azad olunmuş ərazilərin bərpası üçün böyük maliyyə vəsaitinin lazım olduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, büdcə gəlirlərinin artırılması üçün alternativ gəlir mənbələrinə ehtiyac vardır.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin sahibkarlığın inkişafı barədə çıxışları Qarabağda fəaliyyət göstərəcək bütün şirkətlər üçün motivasiya olmalıdır.
"Biz Qarabağda gördüyümüz işlərdə müasir texnologiyalardan istifadə edirik və bizimlə işləmək istəyənlərə bu istiqamətdə də tövsiyələr veririk. İşğaldan azad olunmuş ərazilərdə ilin sonuna kimi 50 min ağacın əkilməsi planlaşdırılır. Bundan əlavə, Füzulidə 21 hektar ərazidə parkın salınması da görüləcək işlərə daxildir. 21 hektar ərazidə salınacaq park, həmçinin alternativ enerji mənbələrindən istifadə etmək üçün önəmli olacaq.