İQTİSADİYYAT
Reklam Agentliyi mətbuat nümayəndələri üçün "Açıq qapı" təşkil edib
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) yaranmasının bir illiyi münasibətilə mətbuat nümayəndələri üçün "Açıq qapı" günü təşkil edilib.
AZƏRTAC xəbər verir ki, məqsəd ictimaiyyəti açıq məkanda reklam yerləşdirilən zaman mövcud prosedurların sadələşdirilməsi yönündə yeni texnologiyaların tətbiqi barədə məlumatlandırmaq, sahibkarların inzibati yükünün azaldılması istiqamətində görülən işlər və yaradılan şəffaf şəraitlə tanış etmək olub.
Qeyd edilib ki, ADRA açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onların üzərində yerləşdirilən reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirir. Ölkə üzrə 11 regional idarədən ibarət agentliyin müfəttişləri mütəmadi monitorinqlər aparır, daha effektiv reklam yayımının həyata keçirilməsi üçün reklam yayıcısı olan sahibkarları qanunvericiliyin tələbləri barədə maarifləndirir, eyni zamanda, texniki təhlükəsizlik tələblərinə cavab verməyən reklam daşıyıcılarının və qanunvericiliyə uyğun olmayan reklamların yayımının aradan qaldırılması istiqamətində tədbirlər görür, açıq məkandakı reklamlarda Azərbaycanın dövlət dili və dövlət rəmzlərinin qorunmasını təmin edir.
Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların qeydiyyatdan keçməsi üçün mövcud prosedurların sadələşdirilməsi məqsədilə elektron müraciət sisteminin yaradılması yönündə müvafiq işlər yekunlaşmaq üzrədir. Göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədilə "Reklam daşıyıcılarının onlayn qeydiyyatı" sistemi tezliklə agentliyin rəsmi internet səhifəsinin tərkib hissəsi olaraq istifadəyə veriləcək. Hər bir reklam yayıcısı səhifədə qeydiyyatdan keçməklə reklam yayımı xərclərini hesablaya və yeni reklam qurğularının qeydiyyatı üçün müraciət edə biləcək.
Dövlət Reklam Agentliyi, həmçinin işin effektivliyini artırmaq üçün maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atıb. Müfəttişlər ərazilərdə monitorinqlər aparmaq üçün yanacaq sərfiyyatı az olan, ekoloji cəhətdən təmiz avtomobillərlə təmin ediliblər. Sahibkarlarla ünsiyyət zamanı işin daha şəffaf aparılması üçün avtomobillər videomüşahidə kameraları ilə təchiz olunub. Agentliyin müfəttişlərinin innovativ texnologiyalarla təchiz olunması istiqamətində görülən işlərin tərkib hissəsi olaraq qurum üçün xüsusi hazırlanmış reklam səthini məsafədənölçmə cihazı da artıq istifadəyə verilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Prezident İlham Əliyevin 2017-ci il 20 iyun tarixli Fərmanı ilə yaradılıb.