DÜNYA
Rekord sayda planeti olan sistem aşkar edilmişdir
Bakı, 13 aprel (AZƏRTAC). Böyük Britaniya və Finlandiya astronomlarının son tədqiqatlarından biri maraqlı nəticə vermişdir. Alimlər yeni kosmik ekstrenum - HD 10180 ulduzunu aşkar etmişlər. Yer kürəsindən 127 işıq ili məsafədə Cənubi Gidra bürcündə yerləşən bu ulduzun ətrafında Günəşlə müqayisədə daha çox planet fırlanır.
Bu səma cismi astronomların diqqətini ilk dəfə 2010-cu ildə cəlb etmişdir. Əvvəlcə hesab edilirdi ki, onun ətrafında yeddi planet dövr edir. Həmin planetlərdən ikisinin varlığı isə təsdiq edilməmişdi.
Son 10 ildə toplanmış məlumatların təhlili göstərmişdir ki, günəşəbənzər ulduz nəinki yeddi planeti öz yaxınlığında tutub saxlayır, həm də ola bilsin, daha iki ekzoplanetə malikdir. Onları yerdəki məsafədən teleskopla açıq müşahidə etmək mümkün deyildir. Alimlər planetlərin mövcudluğunu qravitasiyanın təsiri ilə müəyyən edirlər. İndiki halda ölçmə işlərini Çilidəki La—Silya rəsədxanasında 3,5 metrlik teleskopda quraşdırılmış HARPS spektoqrafı aparmışdır.
İki yeni fövqəlyerin mövcudluğunu müstəqil tədqiqatçılar qrupu yoxlamalıdır. Lakin bu fərziyyə təsdiqini taparsa, HD 10180 sistemi ən çox planetli sistem adlandırılacaqdır. Xatırladaq ki, Günəş sistemində rəsmən 8 planet mövcuddur.