Rəqəmsal bacarıqlar – informatika fənninin fərqli formatda tədrisi
Bakı, 24 oktyabr, AZƏRTAC
2023-2024-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 410 minədək şagird və 4 500-dən çox müəllimi əhatə edir. Cari tədris ilində layihəyə 110 minə yaxın məktəbli cəlb olunub.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, layihə hazırda 53 şəhər və rayon olmaqla ümumilikdə 532 məktəbdə tətbiq edilir.
Layihə çərçivəsində yeni tədris ilində 28 məktəbdə 10 və 11-ci siniflər üçün informatikayönümlü tədrisin aparılması məqsədilə “Rəqəmsal bacarıqlar” təmayül sinifləri yaradılıb. Sözügedən siniflərdə 700-dən çox şagird təhsil alır. Onlardan 580 nəfəri 10-cu sinif şagirdləridir.
2021-2022-ci tədris ilindən layihə çərçivəsində informasiya texnologiyaları sahəsində təhsilini davam etdirmək istəyən 10-cu siniflər üçün informatika fənninin dərindən tədris olunduğu ixtisaslaşdırılmış siniflər açılıb. Bu siniflərdə informatika dərsləri həftədə 5 dəfə keçirilir. Dərs zamanı tələbələrə “Python”da alqoritmlər, verilənlərin strukturu, oyun dizaynı, veb-dizayn, 3D modelləşdirmə və şəhər dizaynı, robototexnika və kodlaşdırma kimi istiqamətlər tədris olunur.
Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi Elm və Təhsil Nazirliyinin “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə əməkdaşlığı çərçivəsində 2017-2018-ci tədris ilindən tətbiq edilir. Layihənin məqsədi şagirdlərə alqoritmik və məntiqi təfəkkür, layihə hazırlama bacarıqları, həmçinin proqramlaşdırmanın əsaslarını öyrətməkdir.