“Rəqəmsal Transformasiya üzrə Rəhbər” proqramı başa çatıb
Bakı, 13 dekabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə Estoniyanın “Digital Nation” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində “Rəqəmsal Transformasiya üzrə Rəhbər” adlı təlim proqramı yekunlaşıb.
AZƏRTAC İRİA-nın yaydığı məlumata istinadən xəbər verir ki, rəqəmsal idarəetmə həlləri üzrə təlimdə 40-dan çox rəhbər şəxs iştirak edib.
Dördgünlük sessiyalardan ibarət proqram rəqəmsal hökumət istiqamətində vörkşoplar, layihələr üzərində komanda işi, beynəlxalq təcrübənin öyrənilməsi kimi modulları əhatə edib. Proqramda iştirak edən dövlət qurumlarının nümayəndələri rəqəmsal hökumət həlləri üzrə aktual bilik və liderlik bacarıqlarına yiyələniblər. Təlimlərin səciyyəvi xüsusiyyəti hər bir iştirakçı üçün rəqəmsal transformasiya proseslərinə effektiv rəhbərlik etməsi məqsədilə fərdi inkişaf planlarının yaradılmasıdır.
Yekunda proqram iştirakçılarına İRİA və “Digital Nation” tərəfindən sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Rəqəmsal Transformasiya üzrə Rəhbər” proqramının keçirilməsində əsas məqsəd dövlət sektorunda dayanıqlı rəqəmsal transformasiya üzrə təcrübəni inkişaf etdirmək və bu sahədə liderlər qrupunun formalaşdırılmasına təkan verməkdir.