RƏQİBSİZ BARROZU
Vyana, 11 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da Avropa Parlamentində Xose Manuel Barrozunun Avropa Komissiyası sədrliyinə namizədliyi məsələsinə baxılacaqdır. Avropa Parlamenti mətbuat xidmətinin məlumatına görə, bu barədə razılaşma parlament fraksiyaları rəhbərlərinin görüşündə əldə edilmişdir.
Barrozunun ikinci müddətə Avropa Komissiyasına sədr seçilməsinin əleyhdarları - Yaşıllar və Sosial-Demokratlar fraksiyalarının səsverməni oktyabrın 2-də İrlandiyada Lissabon Sazişi ilə bağlı yeni referendumdan sonraya ləngitmək cəhdləri alınmamışdır.
Qeyd edək ki, 53 yaşlı X.M.Barrozu Avropa Komissiyasının sədri vəzifəsinə yeganə namizəddir. Avropa İttifaqına üzv olan 27 ölkənin dövlət və hökumət başçıları hələ iyul ayında onun namizədliyini dəstəklədiklərini bəyan etmişdilər.
Barrozu seçkiyə yeganə namizəd kimi getsə də, təmsil etdiyi Avropa Xalq Partiyasının səsləri (parlamentdə 736 nümayəndənin 265-i bu düşərgəyə mənsubdur) onun tutduğu vəzifədə yenidən təsdiqlənməsi üçün kifayət etməyəcəkdir. Bu səbəbdən də portuqaliyalı siyasətçi ötən günlərdə Avropa Parlamentində təmsil olunan bütün fraksiyalarla görüşlər keçirmiş və siyasi proqramını təqdim etmişdir.
Barrozunun növbəti beş il üçün öz vəzifəsinə təsdiqlənmək ehtimalı isə günbəgün artmaqdadır. Siyasi müşahidəçilərin fikrincə, Sosial-Demokratlar fraksiyası səsvermədə bitərəf qalacaqlar. Xristian-Demokratlar, Mühafizəkarlar və Liberallar fraksiyaları X.M.Barrozunun lehinə, Yaşıllar və Sollar isə əleyhinə səs verəcəklərini bəyan etmişlər.
Yeni komissiya sədri noyabr ayından səlahiyyətlərinin icrasına başlamalıdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana