MƏDƏNİYYƏT
Rəşid Behbudovun məzarı ziyarət olunub
Bakı, 9 iyun, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun anım günü münasibətilə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, anım mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, idarə əməkdaşları, paytaxtın fəal gəncləri iştirak ediblər.
BŞGİBİ-nin rəisi Raqif Abbasov Rəşid Behbudovun Azərbaycan musiqisi tarixində, kino sənətində rolundan söz açıb, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb. Bildirib ki, Rəşid Behbudov, sadəcə, müğənni, musiqiçi deyildi, həmd də millətini, yurdunu ürəkdən sevən böyük vətəndaş, ictimai xadim idi.
Rəşid Behbudov sənətinin əbədi olduğunu söyləyən Raqif Abbasov vurğulayıb ki, bütün yaradıcı ömrünü xalqına bağışlayan sənətkar mənsub olduğu xalqın da qəlbində əbədi yaşayacaq.
Sonda Opera Balet Teatrinin solisti Urfan Cəfərov və gənc istedadlar Məmməd Şammədov, Kənan Sultanov tərəfindən “Azərbaycan” və “Alagöz” mahnıları səsləndirilib.