SİYASƏT
Rəsmi Bern İsveçrənin ATƏT-də sədrliyinin prioritetlərini Ukrayna paytaxtında təqdim etmişdir
Kiyev, 6 dekabr (AZƏRTAC). 2014-cü ildə İsveçrə Konfederasiyasının ATƏT-də sədrliyinin əsas hədəfləri təhlükəsizliyin və sabitliyin təmin edilməsi, insanların həyat şəraitinin yaxşılaşdırılması və təşkilatın potensialının möhkəmlənməsi məsələlərindən ibarət olacaqdır.
İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalter bu barədə dekabrın 6-da Kiyevdə ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində keçirilən mətbuat konfransında məlumat vermişdir.
İsveçrənin xarici siyasət idarəsinin rəhbəri demişdir: “İsveçrə 2014-cü ildə sədrlik imkanlarından səmərəli istifadə etmək əzmindədir, çünki biz ATƏT-in imkanlarını təhlükəsizliyi və əməkdaşlığı inkişaf etdirmək üçün nadir bir platforma kimi qiymətləndiririk”.
Rəsmi Bern “Təhlükəsiz cəmiyyət yaradılması hər kəsin xeyrinədir” devizini rəhbər tutaraq ATƏT-də özünün sədrliyi çərçivəsində üç əsas məsələnin həllinə sanballı töhfə verməyə çalışacaqdır.
Birinci məsələ təhlükəsizliyin və sabitliyin təmin edilməsidir. D.Burkhalterin sözlərinə görə, bunun üçün Qərbi Balkanlarda barışıq, Cənubi Qafqazda dialoq və etimadın möhkəmlənməsi, təhlükəsizlik sahəsində idarəetmənin təkmilləşdirilməsi, habelə Vyana sənədinin yenilənməsini və adi silahlara nəzarət barədə fikir mübadiləsi nəzərdə tutulur.
İkinci məqsəd - insanların həyat şəraitinin yaxşılaşdırılmasıdır. Bu məsələ çərçivəsində təbii fəlakətlər zamanı idarəetmənin etibarlılığının artırılması və transmilli təhdidlərə (terrorizm, kibercinayətkarlıq) qarşı mübarizə prioritet məqsədlər kimi müəyyən edilmişdir.
ATƏT-in potensialının artırılması baxımından İsveçrənin sədrliyi dövründə bu təşkilatda islahatlar aparmaq məqsədilə “Helsinki+40” prosesinin daha da inkişaf etdirilməsi, vasitəçilik sahəsində potensialın artırılması və vətəndaş cəmiyyətinin genişlənməsi nəzərdə tutulur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev