RƏSMİ QARŞILANMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 20-də Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Əl-Müşrif sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zaid Al Nəhyan sarayın önündə böyük hörmət və ehtiramla qarşıladı.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dövlət himnləri səsləndi.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Dövlətimizin başçısı fəxri qarovulu salamladı.
Birləşmiş Ərəb Əmirliklərinin dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Şeyx Xəlifə bin Zaid Al Nəhyana təqdim olundu.
Dövlət başçıları rəsmi şəkil çəkdirdilər.