RƏSMİ QARŞILANMA MƏRASİMİ

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 13-də Vilnüsdə, Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Sarayın onündə Litva Prezidenti Valdas Adamkus və xanımı Azərbaycan Prezidenti İlham Əliyevi və onun xanımını böyük hörmət və ehtiramla qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Hərbi orkestrin ifasında Azərbaycanın və Litvanın dövlət himnləri səsləndi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər və dövlət bayraqlarına təzim etdilər.
Litvanın rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycanın nümayəndə heyəti isə Prezident Valdas Adamkusa təqdim olundu. Prezident İlham Əliyevə Litvada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri də təqdim edildi.
Sonra dövlət başçıları xatirə şəkli çəkdirdilər.