RƏSMİ QARŞILANMA MƏRASİMİ
AZƏRTAC xəbər verir ki, mayın 19-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Prezident İlham Əliyev Prezident Qurbanqulu Berdiməhəmmədovu səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verdi.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkmənistanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezidentlər İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Türkmənistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |






