RƏSMİ QARŞILANMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Azərbaycanın və Türkmənistanın dövlət bayraqları ilə bəzədilmiş meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi böyük hörmət və ehtiramla qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan əsgərlərini salamladı.
Türkmənistanın rəsmi şəxsləri, xarici ölkələrin Aşqabadda akkreditə olunmuş səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim edildi.
Rəsmi qarşılanma mərasimindən sonra prezidentlər rəsmi foto çəkdirdilər.
######
![]() |
![]() |
![]() |


