RƏSMİ XRONİKA
RƏSMİ QARŞILANMA MƏRASİMİ
Bakı, 9 aprel (AZƏRTAC). Aprelin 9-da Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Viktor Yuşşenkonun rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ukrayna Prezidenti Viktor Yuşşenkonu və xanımı Katerina Yuşşenkonu səmimiyyətlə qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verdi.
Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Ukrayna Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Viktor Yuşşenkoya, Ukrayna nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Sonra prezidentlər rəsmi foto çəkdirdilər.
######