REGİONLAR
Respublika Baytarlıq Laboratoriyasında mənşəyi məlum olmayan 60 adda dərman preparatları zərərsizləşdirilmişdir
Bakı, 11 dekabr (AZƏRTAC). Qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz, üzərində etiket göstəriciləri qeyd olunmayan, istifadəyə yararlıq müddəti bitmiş, satışı qadağan olunan, özləri tərəfindən qablaşdırılaraq satışa çıxarılan dərman preparatları dekabrın 11-də Respublika Baytarlıq Laboratoriyasının krematoriya və avtoklavında zərərsizləşdirilmişdir.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mütəxəssisləri il ərzində ölkədə fəaliyyət göstərən baytarlıq apteklərində reyd keçirmişlər. Məlum olmuşdur ki, DBX tərəfindən baytarlıq əczaçılığı ilə məşğul olan obyektlərə nəzarət gücləndirilsə də, hələ də apteklərdə qeyri-qanuni dərman preparatlarının satışına təsadüf olunur.
DBX-nin əməkdaşı Mustafa Allahverənov bildirmişdir ki, apteklərdən götürülən, baytarlıqda tətbiq edilən və mənşəyi məlum olmayan 60 adda dərman preparatları satışdan çıxarılaraq zərərsizləşdirilmək üçün Respublika Baytarlıq Laboratoriyasına təhvil verilmişdir. Dərman preparatları əsasən Rusiya, İran, Çin qismən isə Türkiyə, Polşa, Hollandiya, Avstriya, İordaniya və digər ölkələrdə istehsal edilmişdir. Əvvəlki illərlə müqayisədə qanunsuz satışı aparılan dərman preparatlarının sayı xeyli miqdarda azalmışdır. Bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcəkdir.