REGİONLAR
Respublika ərazisində dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirinə başlanılıb
Bakı, 2 dekabr, AZƏRTAC
Respublika ərazisində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə işlərinə başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Həsənov AZƏRTAC-a bildirib ki, ölkə ərazisinin epizootoloji sabitliyinin təmin olunması məqsədilə DBNX Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq Epizootiya əleyhinə tədbirlər planına əsasən, dekabr ayında respublika ərazisində dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirinə başlayıb. İribuynuzlu heyvanların peyvəndlənməsi, ilk növbədə, ölkənin sərhəd rayonlarında, daha sonra respublikanın digər ərazilərində həyata keçiriləcək.
Dabaq xəstəliyinə qarşı profilaktik tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərinin və aidiyyəti yerli qurumların yerlərdə dövlət baytarlıq xidmətinin mütəxəssislərinə müvafiq şərait yaratmaqla kömək göstərmələri tövsiyə olunur.
Hazırda respublikanın epizootik vəziyyəti sabitdir.