ELM VƏ TƏHSİL
Respublika fənn olimpiadalarının final mərhələsi keçirilir
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də respublika fənn olimpiadaları final mərhələsinin açılış mərasimi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əsas məqsədi şagirdlərin müxtəlif fənlərə marağının artırılması və istedadlıların aşkara çıxarılmasından ibarət olan fənn olimpiadalarının final mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər (rayon) məktəblərindən 480 şagird iştirak edir.
Bu il fənn olimpiadalarının keçirilməsində bir sıra yeniliklər tətbiq olunub. Belə ki, olimpiada iştirakçılarını bilik yarışına tam motivasiya etmək üçün onlar tədbirin keçirildiyi üç gün ərzində “Kempinski Badamdar” hotelində qalacaq və burada asudə vaxtın səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Bu il olimpiada fənləri sırasına coğrafiya da əlavə edilib. Əvvəlki illərdən fərqli olaraq, yoxlamada şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları açıq şəkildə deyil, ilkin mərhələdə test sınağı formasında tətbiq olunur.
Bu il fənn olimpiadaları üç mərhələdə keçirilir. Olimpiadanın birinci - rayon (şəhər) mərhələsində səkkiz fənn üzrə 22 min şagird iştirak edib. Üç min 700 şagirdin iştirakı ilə bu ildən ilk dəfə olaraq keçirilən yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda 11 mərkəzdə təşkil olunub. Yalnız bundan sonra finalçılar müəyyənləşdirilib.
Final mərhələsində iştirak edən şagirdlərin 240-ı mükafatçılar sırasına daxil olacaq. Bununla yanaşı, ilk dəfə iştirakçılar arasında hər fənn üzrə “Birincilərin birincisi” nominasıyası üzrə qalib müəyyənləşdiriləcək və beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizədlər seçiləcək.