ELM VƏ TƏHSİL
Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılmışlar
Bakı, 17 may (AZƏRTAC). Mayın 17-də Təhsil Nazirliyində respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov istedadlı uşaqların aşkara çıxarılmasında, onların daha da yaxşı oxumağa həvəsləndirilməsində, tədris bacarıqları ilə seçilən müəllimlərin müəyyənləşdirilməsində fənn olimpiadalarının xüsusi rolu olduğunu xatırlatmışdır.
Eyni zamanda, məlumat verilmişdir ki, 2013-2014-cü dərs ilində respublika məktəblilərinin fənn olimpiadaları üç mərhələdə keçirilmişdir. Rayon (şəhər) mərhələsi üzrə birinci turun 36 min 908 nəfər iştirakçısından ikinci tura 6 min 374 nəfər keçmiş, onlardan da 849-u yerli münsiflər heyətinin qərarına əsasən, respublika mərhələsində iştirak etmişdir. Respublika mərhələsinin nəticələrinə görə, iştirakçıların ümumi sayından 189 nəfəri I-IV yerlərə, o cümlədən 20-si birinci, 27-si ikinci, 61-i üçüncü, 81-i dördüncü yerə layiq görülmüşdür.
Qaliblərə Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim olunmuşdur.