MƏDƏNİYYƏT
Respublika Gününə həsr olunmuş konsert
Bakı, 26 may (AZƏRTAC). 28 May – Respublika Günü münasibətilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin özfəaliyyət kollektivlərinin konsert proqramı təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə 28 May – Respublika Gününə həsr olunmuş slayd nümayiş etdirilmişdir.
Tədbirdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov Respublika Günü münasibətilə tələbələri təbrik etmiş, naxçıvanlı gənclərlə görüşməyindən məmnunluğunu bildirmişdir. Konsert proqramının əhəmiyyətini yüksək qiymətləndirən akademik belə tədbirlərin keçirilməsinin gənc nəslin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində mühüm rol oynadığını diqqətə çatdırmışdır.
Sonra tələbələr maraqlı və şən konsert proqramı ilə çıxış etmişlər.
Sonda konsert proqramında iştirak etdiklərinə görə ali və orta ixtisas təhsili müəssisələrinin özfəaliyyət kollektivlərinə və Naxçıvan Dövlət Universitetinin magistrantı Əli Davudiyə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.