İDMAN
Respublika Olimpiya Mərkəzində atletika üzrə Antipov memorialının açılış mərasimi keçirilib
Bakı, 27 yanvar, AZƏRTAC
Yanvarın 27-də Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş tullanmalar üzrə XIII beynəlxalq memorialın açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə Aleksandr Antipovun ölkəmizdə atletikanın inkişafındakı xidmətlərindən danışıb. Memorialın A.Antipovun xatirəsinə həsr edilmiş sayca 13-cü turnir olduğunu vurğulayan Ç.Hüseynzadə Azərbaycanda tullanmalar üzrə idman məktəbinin inkişafında tanınmış idman mütəxəssisinin rolunu xüsusi vurğulayıb. O, yarışın atletikanın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Rusiya Federasiyasının Saxa (Yakutika) Respublikasının nümayəndəsi, yakut tullanmaları idman növü üzrə mütəxəssis Maksim Oequsturov qeyd edib ki, belə mötəbər yarışların keçirilməsi xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsində və idmanın inkişafında mühüm rol oynayır.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış mərasimindən sonra turnirə start verilib.
Respublika Olimpiya Mərkəzində keçirilən turnirdə Azərbaycan və Rusiya idmançıları iştirak edirlər. Turnirdə oğlanlar və qızlarla yanaşı, kişilər də uzununa, üçtəkanla və yakut tullanmalarında mübarizə aparırlar. Yarışa yanvarın 28-də yekun vurulacaq.