SİYASƏT
Respublika Veteranlar Təşkilatının rəhbərliyi və əməkdaşları biraylıq maaşlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nümunəvi addımına dəstək olaraq biraylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, bununla yanaşı, Təşkilatın əməkdaşları da biraylıq maaşlarının bir hissəsini fonda bağışlayıblar.
General-polkovnik Tofiq Ağahüseynov Vətənin bu çətin günündə cəmiyyətin bütün təbəqələrinin milli orduya dəstək olmaq üçün əlindən gələni etdiyini yüksək qiymətləndirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb. Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.