CƏMİYYƏT
Respublikanın 21 rayon və şəhərində icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir
Bakı, 28 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişləri əsasında respublikanın 21 rayon və şəhərində (Sumqayıt, Balakən, İmişli, Kürdəmir, Şəmkir, Masallı, Yardımlı, Ağdaş, Zaqatala, Saatlı, Şirvan, Qəbələ, Samux, Ağstafa, Cəlilabad, Biləsuvar, Xaçmaz, Göyçay, Gədəbəy, Mingəçevir, Sabirabad) sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, həmin mərkəzlərdə, ümumilikdə, 1100-dək sağlamlıq imkanları məhdud uşağa yarımstasionar şəraitdə xidmətlər göstərilir.
İxtisaslaşmış qeyri-hökumət təşkilatları yaradılan mərkəzlərdə ilk növbədə funksional qiymətləndirmə aparılmaqla uşaqların gündəlik həyatda üzləşdikləri əqli və fiziki problemlərin aradan qaldırılması üçün aktiv terapiya və oyun terapiyası kimi müasir reabilitasiya üsulları tətbiq edir. Uşaqlarda zəruri bacarıq, o cümlədən ünsiyyətqurma bacarığı və vərdişlər formalaşdırılır, erkən müdaxilə və inkluziv təhsil xidmətləri göstərilir. Uşaqların ailələri ilə reabilitasiya, sosial, müvəkkillik, psixoloji və s. sahələrdə maarifləndirmə işləri aparılır.
Məqsəd həmin uşaqların sosial reabilitasiyasına və öz həmyaşıdları ilə bərabər şəkildə cəmiyyətə inteqrasiyasına nail olmaqdır.