CƏMİYYƏT
Respublikanın daxili işlər orqanları ötən iki gündə törədilmiş 93 cinayətin üstünü “isti izlər”lə açıblar
Bakı, 23 may, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) mayın 21-22-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 93 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 60 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı dörd fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanılıb.