CƏMİYYƏT
Respublikanın hüquq-mühafizə orqanları Tərtər rayonunda xüsusi əməliyyat keçiriblər VİDEO
Bakı, 11 mart, AZƏRTAC
Respublikanın hüquq-mühafizə orqanları cinayətkarlıqla mübarizə sahəsində Tərtər rayonunda növbəti xüsusi əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinə (DİN) müraciət edən rayon sakini yetkinlik yaşına çatmayan oğlunun radikal dini cərəyana cəlb olunmaqla Suriyaya göndərildiyini və orada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etdiyini bildirib.
DİN və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərindən AZƏRTAC-a daxil olan birgə məlumatda bildirilir ki, aparılan araşdırmalar nəticəsində Tərtər ərazisində ayrı-ayrı vətəndaşların ölkə hüdudlarından kənarda qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələrin sıralarına qoşulmasını təşkil edən, dini dözümsüzlük və bölücülük təbliğatı aparan ekstremist yönümlü şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstə müəyyən edilib. Nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb olunmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Tərtər Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həmin dəstənin 4 üzvü - əvvəllər məhkum olunmuş Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev, Şəmsəddin Abdullazadə və Vüqar Əliyev saxlanılıblar.
Onların yaşadıqları mənzillərə baxış zamanı ümumilikdə 2 ədəd sandıqçası ilə birlikdə 1 avtomat, 800 qram partlayıcı maddə, alışdırıcıları ilə birgə 9 əl qumbarası, 170 ədəd patron, yayılması qanunla qadağan olunmuş xeyli sayda dini ədəbiyyat, disklər və digər maddi sübutlar götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Hazırda mütəşəkkil dəstənin cinayətkar əlaqələrinin ifşası, habelə, digər üzvlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir.