MƏDƏNİYYƏT
Rəssam Səbinə Şıxlinskaya Dnepr şəhərində Dağlıq Qarabağda baş verən son hadisələr haqqında həqiqəti danışıb
Kiyev, 15 aprel, AZƏRTAC
AZƏRTAC xəbər verdiyi kimi, Azərbaycanın tanınmış rəssamı və kuratoru Səbinə Şıxlinskaya öz həmkarı İmke Rust (Almaniya/Namibiya) ilə birlikdə Ukraynanın Dnepropetrovsk şəhərində 3 günlük Beynəlxalq “Dialoqlar” layihəsində iştirak edir.
Aprelin 14-də “Artsvit” qalereyasında Səbinə Şıxlinskaya ilə dialoq axşamı keçirilib. Bu barədə AZƏRTAC-a layihənin həm təşkilatçısı, Azərbaycan-Ukrayna Gənclər Təşkilatının Dnepr şəhərindəki başçısı Zəminə Bayramova məlumat verib.
Müasir səpkidə işləyən rəssam layihələrindən birini, bu gün xüsusilə aktual olan “Təhlükəli qırmızı” layihəsini təqdim edib. Konsepsiyanın əsasında müəllifin insan həyatına son qoyan müharibəyə, zorakılığa və bütün dünyada hər gün baş verən terrora qarşı etirazı durur.
Səbinə Şıxlinskaya ukraynalı pərəstişkarları və xarici həmkarları ilə görüşündə qeyd edib ki, müharibə mövzusu həmişə aktualdır, lakin hazırda bu layihə onun vətəni Azərbaycana aiddir. Burada erməni işğalçıları və təcavüzkarların günahı üzündən Dağlıq Qarabağ münaqişəsi kəskinləşib.
Tədbirin sonunda azərbaycanlı rəssam dialoq iştirakçılarının suallarına cavab verib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev