ELM VƏ TƏHSİL
RİMM-də Azərbaycan ümumtəhsil məktəblərinin rus dili müəllimləri üçün seminar keçirilmişdir
Bakı, 1 aprel (AZƏRTAC). Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Rus Dili Tədris-Metodika Mərkəzində tədrisin Azərbaycan dilində olduğu ümumtəhsil məktəblərinin, o cümlədən rus dilinin dərindən öyrənilməsi üzrə pilot layihəli məktəblərin rus dili müəllimləri üçün metodik seminar keçirilmişdir.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, seminarda Bakı şəhərinin ümumtəhsil məktəblərinin təqribən 50 nəfər rus dili müəllimi iştirak etmişdir.
Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri Valentin Denisov rus dilinin tədrisi və tərəqqisi sahəsində fəal iş apardıqlarına, RİMM-in tədbirlərində əməkdaşlığa görə pedaqoqlara minnətdarlığını bildirmiş və bu əlaqələri daha da genişləndirməyi təklif etmişdir.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin metodisti, Bakı Slavyan Universitetinin dosenti Nailə Səfərova məktəbdə yeni tədris metodlarından danışmışdır. Məruzəçi Azərbaycanın yeni təhsil sisteminin - dərs vaxtı uşaqların yaradıcı fəallığına əsaslanan kurrikulumun imkanlarından istifadə etməklə şagirdlərlə iş metodikasına dair praktiki tövsiyələrdən ətraflı söhbət açmışdır.
Bakı şəhərindəki 42 nömrəli ümumtəhsil məktəbinin rus dili müəllimi “2012-ci ilin ən yaxşı müəllimi” fəxri adını qazanmış Kamiyəb Əliyeva interaktiv dərslərin təşkilindən bəhs etmişdir. K.Əliyeva 3-cü sinifdə rus dili dərsinin prezentasiyasını misal göstərmişdir.
160 nömrəli klassik gimnaziyanın metodisti Solmaz Əmənova gimnaziyada artıq neçə ildən bəri keçirilən “İrs” layihəsi barədə məlumat vermişdir. Layihə orta məktəb şagirdlərinin Azərbaycanın ən qədim mədəniyyət qaynaqları ilə tanış edilməsinə yönəldilmişdir.
Əsas məruzələrin nəticələri üzrə maraqlı müzakirə olmuşdur. Seminarın iştirakçılarına müzakirə olunan mövzulara dair metodik tövsiyələr paylanmışdır.