İDMAN
Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına yol Bakıdan keçə bilər
Bakı, 13 iyun (AZƏRTAC). Komanda idman növləri üzrə Avropa federasiyalarının prezidentləri Fransanın paytaxtı Parisdə bir araya gəlmişlər.
AZƏRTAC xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer basketbol, həndbol, otüstü xokkey və reqbidən olan həmkarları ilə yığışaraq, bir sıra məsələləri müzakirə etmişlər.
Burada danışılmış matçlar, oyunçuların agentlərinin rolu, mərc oyunları və bütün komanda idman növlərinin inkişafı əsas söhbət mövzusu olmuşdur. Müxtəlif federasiyaların rəhbərləri, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlığı və onun yeni formalaşacaq proqramını da müzakirə etmişlər. Həmçinin, Azərbaycanda təşkil olunacaq möhtəşəm yarışda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya vermək məsələsinə də toxunulmuşdur.
Qeyd edək ki, görüşün sonunda bütün rəhbərlər həvəsləndirici mükafatların artırılması, bilik və təcrübənin bölüşdürülməsi məqsədi ilə seminarların təşkili ilə bağlı razılığa gəlmişlər.