İDMAN
Rio–de–Janeyro Yay Paralimpiya Oyunlarına hazırlıqla bağlı məsələlər müzakirə edilmişdir
Bakı, 14 iyun (AZƏRTAC). Sumqayıt Paralimpiya İdman Kompleksində Milli Paralimpiya Komitənin (MPK) prezidenti İlqar Rəhimovun sədrliyi ilə iclas keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclasda MPK-nın 2013-2016-cı illər üçün strateji fəaliyyət proqramının icra vəziyyəti və Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına hazırlıqla bağlı məsələlər müzakirə edilmişdir.
Komitənin prezidenti İ.Rəhimov qeyd etmişdir ki, MPK tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq səviyyəli bir sıra tədbirlər keçirilmişdir. Bunların sırasında regionda ilk dəfə olaraq əlil arabasında idman rəqsi üzrə Beynəlxalq festival, dünyada ilk dəfə olaraq əlil arabasında idman rəqsi üzrə beynəlxalq flaş-mob, Naxçıvanda paralimpiya festivalı və başqalarını misal göstərmək olar. Azərbaycanın idman tarixində ilk dəfə olaraq Rusiya Azərbaycanlı Gənclər Təşkilatının dəstəyi ilə əlil arabasında olan paralimpiyaçı xanım (Vüsalə Kərimova) Moskvada 4 min metr məsafədən təyyarədən paraşütlə tullanmışdır.
Komitə sədri 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XV Yay Paralimpiya Oyunlarına hazırlıq prosesi ilə də maraqlanmışdır. Milli komandanın baş məşqçiləri İbrahim İbrahimov, İlqar İbişov, Əfqan Əhmədov, Fəxrəddin Əliyev, Zahir Abdullayev və digərləri komandalara yeni gənc idmançıların cəlb olunduğunu və onlarla intensiv məşq aparıldığını qeyd etmişlər.
Maddi-texniki bazanın yüksək səviyyədə olduğunu diqqətə çatdıran məşqçilər Beynəlxalq Paralimpiya Komitəsinin bəzi idman növlərinin qaydalarına bir sıra dəyişikliklərin edildiyini bildirmişlər. Vurğulamışlar ki, bütün bunlara baxmayaraq paralimpiyaçılarımız 2016-cı ildə də yüksək nəticələr əldə etmək üçün əzmlə məşq edirlər.
İclasda 7 idman növü üzrə baş məşqçilərin hesabatı dinlənilmiş və müvafiq tapşırıqlar verilmişdir.