ELM VƏ TƏHSİL
RİYAZİYYAT FƏNNİ ÜZRƏ TEST TAPŞIRIQLARI ELMİ- METODİKİ CƏHƏTDƏN TƏHLİL OLUNMUŞDUR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, riyaziyyat fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.
Ayrı-ayrı təhsil müəssisələri nümayəndələrinin və Azərbaycan Milli Elmlər Akademiyası mütəxəssislərinin iştirak etdikləri seminarda 2007-ci ildə ali məktəblərə qəbul imtahanlarında IV ixtisas qrupu üzrə riyaziyyat fənnindən istifadə edilmiş test tapşırıqları elmi-metodiki və statistik cəhətdən təhlil olunmuşdur (A variantı).
Çıxış edən alim və mütəxəssislər test tapşırıqları ilə bağlı fikir və təkliflərini bildirmişlər.
Qeyd olunmuşdur ki, tədris ilinin əvvəlində TQDK-nın mətbu orqanı olan “Abituriyent” jurnalında qəbul proqramı və yeni test modelinin dərc olunması, həmin modelin sınaq imtahanlarında tətbiqi abituriyentlərin nəticələrinə öz müsbət təsirini göstərmişdir. Qəbul imtahanında abituriyentlər çoxluqlara, natural ədədlərə, çoxhədlinin vuruqlara ayrılmasına, faiz, nisbətə aid test tapşırıqlarına yaxşı cavab vermişlər.
Buna baxmayaraq, abituriyentlərin müəyyən hissəsi daha çox məntiqi düşüncəyə əsaslanan, ümumiləşmə, izahat tipli test tapşırıqlarına cavab verməkdə çətinlik çəkmişlər. Məsələn, təhlil, müqayisə və ümumiləşmə tələb edən, üstlü və loqorifmuk tənliklər, həqiqi ədədlər, çevrə və dairəyə aid test tapşırıqlarından imtina faizi (61-78 faiz) yüksək olmuşdur.
IV ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin riyazi hazırlığı, III qrupa nisbətən daha yaxşı olmuşdur.