İQTİSADİYYAT
Roberto Qrandi: “Tecnoclima S.p.A” şirkətinin məhsullarını Azərbaycan bazarında təqdim edəcək distribüter tapmaq niyyətindəyik
Bakı, 23 may, AZƏRTAC
Bakı Ekspo Mərkəzində keçirilən XXI Azərbaycan Beynəlxalq Qida Sənayesi (“WorldFood Azerbaijan 2015”) sərgisində İtaliyanın “Tecnoclima S.p.A” şirkətinin ixrac departamentinin mütəxəssisi Roberto Qrandi şirkətin məhsullarını nümayiş etdirir.
R.Qrandi AZƏRTAC-a müsahibəsində bildirib ki, İtaliyanın “Tecnoclima S.p.A” şirkəti artıq 40 ildən çoxdur bazarda Avropanın iqlim xidmətləri göstərən lider şirkətləri arasında birinci yeri tutur, havanın qızdırılması, havalandırma, istiliyin bərpası, qurutma və havanın kondisiyalaşdırılması üzrə avadanlığın aparıcı təchizatçılarından biridir. Şirkətdə istehsal edilən avadanlıq böyük otaqları isitməklə yanaşı, həm də meyvə-tərəvəzi, yataq dəstlərini və lakla boyanmış örtükləri qurutmağa, havanı isitməyə, otaqlarda istənilən rütubət səviyyəsini qorumağa, habelə digər bu kimi funksiyaları yerinə yetirməyə imkan verir.
İtaliyalı mütəxəssis deyib: “Biz Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” “Caspian Agro 2015” sərgisinin ilk iştirakçılarından olsaq da, sizin ölkənizə avadanlıq satmışıq, buna görə də “Tecnoclima” şirkətinin məhsullarını Azərbaycan bazarında təqdim edəcək distribüter tapmaq niyyətindəyik.
Qeyd etməliyəm ki, “Caspian Agro - 2015” sərgisi maraqlı və dolğun proqramı ilə bizi sevindirdi. Sərginin gedişatında əmin olduq ki, bura fermer və yekun istehlakçı maraqlarının birləşdiyi platformadır. Təşkilatçılar sərginin hər kəs üçün maksimum səmərəli və faydalı olmasını təmin etmək məqsədilə əllərindən gələni əsirgəmirlər”.