MƏDƏNİYYƏT
Rodion İsmayılovun yeni filmi Sankt-Peterburq, Kazan və Kalininqradda göstəriləcək
Bakı, 24 iyul, AZƏRTAC
III Moskva “DOKer” Beynəlxalq Sənədli Filmlər Festivalının ən yaxşı tammetrajlı və qısametrajlı filmləri iyulun 26-dan 29-dək Sankt-Peterburq, Kazan və Kalininqrad şəhərlərində nümayiş etdiriləcək. Bu filmlər sırasında rejissor Rodion İsmayılovun “Plaskart” adlı ekran əsəri də yer alıb.
AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, “Plaskart” filmi “Moskva-Vladivostok” qatarında təsadüfən rastlaşan sadə rusiyalıların həyat tarixçəsindən və taleyindən bəhs edir. Xronometrajı 80 dəqiqə olan ekran əsərində sərnişinlərin hekayətləri müasir Rusiya cəmiyyətinin sosial portretini əks etdirir. Film 2017-ci ildə çəkilib.
Rodion İsmayılov 1966-cı ildə Tovuz rayonunda anadan olub. Sankt-Peterburq Dövlət Mədəniyyət və İncəsənət Akademiyasını bitirib. Sankt-Peterburqda “Deboşirfilm studiyası”nın baş direktoru, “Nezavisimoye kino” fondunun prezidenti vəzifələrində çalışıb. 2009-cu ildən “DS Film” prodüser mərkəzində rejissor və prodüserdir. “Köç”, “Mənim qohumlarım” filmlərinin müəllifidir.
Xatırladaq ki, III Moskva “DOKer” Beynəlxalq Sənədli Filmlər Festivalı bu ilin may ayında keçirilib.