İQTİSADİYYAT
Romada “Azərbaycan qazının İtaliyaya nəqli: Avropanın enerji təhlükəsizliyinin gələcəyi” adlı Beynəlxalq konfrans keçirilmişdir
Bakı, 28 sentyabr (AZƏRTAC). İtaliyanın aparıcı tədqiqat qurumlarından biri olan Beynəlxalq Münasibətlər İnstitutu (BMİ) Romadakı Ripetta mərkəzində “Azərbaycan qazının İtaliyaya nəqli: Avropanın enerji təhlükəsizliyinin gələcəyi” adlı Beynəlxalq konfrans keçirmişdir.
Azərbaycanın İtaliyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə İtaliyanın akademik, dövlət və işgüzar dairələrinin, kütləvi informasiya vasitələrinin və Romadakı diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
BMİ-nin prezidenti, səfir Ferdinando Nelli Feroçi konfransda çıxış edərək rəhbərlik etdiyi institutun Cənubi Qafqaz regionuna, xüsusən Azərbaycanın daxili və xarici siyasətinə artan marağını qeyd etmiş, keçirilən tədbirin rəsmi Bakının enerji siyasətinə həsr olunduğunu bildirmişdir.
İtaliyanın xarici işlər nazirinin müavini xanım Marta Dassu çıxış edərək Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rolu, Trans-Adriatik Qaz Kəməri Layihəsinin seçilməsinin vacibliyi və onun perspektivləri haqqında fikirlərini bölüşmüşdür.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov ölkəmizdə aparılan uğurlu enerji siyasətinin tarixi və bölgədə nəhəng infrastruktur layihələrinin həyata keçirilməsində davam edən səyləri diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və Trans-Adriatik Qaz Kəməri Layihəsinin bu ilin iyun ayında seçilməsi növbəti dəfə tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinin bariz nümunəsidir.
Səfir cari ilin avqustunda İtaliyanın Baş naziri Enriko Lettanın Azərbaycana rəsmi səfərini xatırlatmış, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olması barədə bəyanatın qəbul edildiyini vurğulamışdır.
V.Sadıqov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun hərtərəfli inkişafına mənfi təsirini qeyd etmişdir.
Daha sonra Gürcüstanın İtaliyadakı səfiri Karlo Sixarulidze, Türkiyənin səfiri Hakkı Akil, Yunanıstanın səfiri Temistoklis Demiris, Albaniyanın səfiri Neritan Çeka, Trans-Adriatik Qaz Kəməri Layihəsinin İtaliya üzrə nümayəndəliyinin rəhbəri Campaolo Russo və ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsinin ofisinin baş məsləhətçisi Daniel Stayn çıxış etmişlər.
Natiqlər ölkələrarası enerji əməkdaşlığının inkişaf tarixi, enerji qaynaqlarının şaxələndirilməsi, yeni alternativ mənbələrin dünyanın enerji xəritəsinə təsiri, Avrasiyada enerji əməkdaşlığının yeni imkanları, “Cənub” Qaz Dəhlizinin tərkib hissəsi və Trans-Anadolu Qaz Kəmərinin davamı olan Trans-Adriatik Qaz Kəməri Layihəsinin vacibliyi və perspektivləri, Avropa İttifaqının timsalında yeni bazarların müəyyənləşdirilməsi, uzunmüddətli əlaqələrin təşviqi məsələləri haqqında fikirlərini bölüşmüşlər.
Tədbir zamanı auditoriyanın sualları cavablandırılmış və mövzu ilə əlaqədar geniş müzakirələr aparılmışdır.