CƏMİYYƏT
ROP göz xəstəliyi ən çox yarımçıq doğulan körpələr arasında yayılıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Vaxtından əvvəl doğulmuşların retinopatiyası (ROP) uşaqlarda ən çox korluğa səbəb olan və yarımçıq doğulan körpələrdə rast gəlinən göz xəstəliyidir.
Respublika Müalicəvi Diaqnostika Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu xəstəliyə 32 həftədən tez və 1500 qramdan az çəkisi olan yenidoğulmuşlarda rast gəlinir. Mərkəzin göz cərrahı Tural Qəlbinur deyib ki, hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur və erkən doğuşların sayı gündən-günə artmaqdadır. Beş mərhələdə inkişaf edən ROP son mərhələdə korluqla nəticələnir. Valideynlər uşağın ilk aylarında xəstəliyin əlamətlərini hiss etməyə bilərlər. ROP xəstəliyin yalnız son mərhələsində, yəni körpənin 4-5 aylığında kənardan aşkarlanır. Valideynlər uşağın ona göstərilən əşya və oyuncaqlara baxmadığını, gözlərin çəpləşdiyini görərək həkim-oftalmoloqa müraciət edirlər. Göz cərrahı deyib: “Təəssüf ki, bu zaman heç bir müalicə müsbət effekt vermir və uşaqda korluğun yarandığı aşkarlanır. Amma ROP müayinəsi doğulan körpənin ilk ayında həkim-oftalmoloq-retinoloq tərəfindən aparılarsa, körpənin gözləri müalicə olunub tam sağlam ola bilər”.