MƏDƏNİYYƏT
“Ruhum Qarabağlıdır” filminin təqdimatı olmuşdur
Bakı, 18 iyun (AZƏRTAC). Azərbaycanda Atatürk Mərkəzində “Ruhum Qarabağlıdır” filminin təqdimat mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Fərəc Quliyev filmin əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, gələcəyə nikbin münasibət aşılayan filmdə xarabazara çevrilmiş doğma yurdların görüntüsü ürək dağlasa da, insanlara bir gün dədə-baba torpaqlarımızın qaytarılmasına ümid hissi aşılayır.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Bəxtiyar Qaraca, quruluşçu operatoru Elman Telmanoğludur. Ekran əsərində Əməkdar İncəsənət Xadimi, bəstəkar Eldar Mansurovun musiqisindən istifadə olunmuşdur.
Filmin süjeti Milli Məclisin deputatı Qənirə Pşayevanın yazdığı “Ruhum Qarabağlıdır!” silsilə şeirlərin ideyası üzərində qurulmuşdur. Filmdə peşəkar aktyorlar deyil, əslən Xocavənddən olan, zorla yurd-yuvasından didərgin salınmış ixtiyar qoca, Xocavənd orta məktəbin müəllim və şagirdləri, habelə sakinlər çəkilmişlər.
Ekran əsərində arxiv materiallarından istifadə olunmuşdur.