SİYASƏT
Rumıniya ilə Azərbaycan enerji sahəsində strateji tərəfdaşdırlar
Bakı, 4 aprel (AZƏRTAC). Rumıniya ilə Azərbaycan enerji sahəsində strateji tərəfdaşdırlar. Eyni zamanda, ölkələrimiz arasında ticarət, nəqliyyat və investisiyalar sahəsində möhkəm əməkdaşlıq münasibətləri qurulmaqdadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rumıniya Prezidentinin strateji məsələlər və beynəlxalq təhlükəsizlik üzrə müşaviri Yulian Kifu jurnalistlərə müsahibəsində demişdir.
Y.Kifu bildirmişdir ki, ölkələrimiz arasında qarşılıqlı dəstəyə və etimada əsaslanan münasibətlər dinamik inkişaf edir. Rumıniya Çikaqo sammitindəki yekun bəyannaməsində göstərildiyi kimi, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir. Rumıniya, eyni zamanda, bölgədə uzunsürən münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır.