SİYASƏT
Rumıniyanın hakim Demokrat Liberal Partiyası Gənclər Birliyinin geniştərkibli nümayəndə heyəti Azərbaycana gələcəkdir
Bakı, 18 iyul (AZƏRTAC). Rumıniyanın hakim Demokrat Liberal Partiyası Gənclər Birliyinin (RDLP GB) geniştərkibli nümayəndə heyəti iyulun 22-də Azərbaycana gələcəkdir.
İyulun 29-dək davam edəcək səfər Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) dəvətilə həyata keçiriləcəkdir.
YAP-dan AZƏRTAC-a bildirmişlər ki, Partiyanın Gənclər Birliyi beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir. Hazırda YAP Gənclər Birliyinin qonşu dövlətlər, Mərkəzi Asiya, eləcə də bir sıra Avropa ölkələrinin hakim partiyalarının gənclər təşkilatları ilə sıx əlaqələri vardır. Bu əlaqələr çərçivəsində YAP Gənclər Birliyi təcrübə mübadiləsi, ikitərəfli görüşlər, səfərlər həyata keçirir, münasibətlərin yüksək səviyyədə qurulması və möhkəmlənməsi üçün lazımi tədbirlər görür.
Rumıniyanın gənclərdən ibarət nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirəcək, rayonlara səfər edəcək və region gəncləri ilə təmas yaradacaqdır. Rumıniyalı gənclərin Azərbaycanın tarixi yerlərinə səfərlərinin təşkili nəzərdə tutulmuşdur.
Qeyd edək ki, YAP ilə RDLP arasında sıx dostluq münasibətləri vardır. Cari ilin fevralında YAP sədrinin müavini – icra katibi Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyada səfərdə olmuş və RDLP ilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalamışdır.
Bu yaxınlarda isə RDLP-ın nümayəndə heyəti Bakıda səfərdə olmuşdur.